Bayden Ermənistanla Azərbaycanı sülhə necə gətirə bilər - "Foreign Policy"in məqaləsinə Bakıdan rəylər...

07 aprel, 2021 10:27

Qarabağ ətrafındakı proseslərdə Ağ Ev administrasiyasının iştirakı ilə bağlı fərqli və əsaslı yanaşmalar; ekspert: “İnhisarın sərhədlərini daraltmaq üçün Qərblə, o cümlədən ABŞ-la əməkdaşlıq kifayət qədər effekt verə bilər”

ABŞ-ın “Foregin Policy” jurnalında “Bayden Ermənistan və Azərbaycana bölgədə sülhü bərqərar etməyə kömək edə bilər. Bəs bundan ötrü hansı addımlar atılmalıdır?” başlıqlı məqalə dərc olunub.

Müəllif yazır ki, müharibədən sonra imzalanmış 10 noyabr bəyanatı sülh razılaşması yox, sadəcə, atəşkəs razılaşmasıdır. “Bütün bunların fonunda tamamilə mümkündür ki, Bayden administrasiyasındakı yüksək rütbəli məmurlar öz aralarında belə düşünsünlər: biz vəziyyəti izləyək, amma gücümüzü başqa yerə yönəldək, diplomatik müstəvidə aparıcı rol oynamağa çalışmaq lazım deyil. Amma belə düşünmək yanlış olardı. Əksinə, Ağ Evin yeni administrasiyası Cənubi Qafqaz regionuna ABŞ-ın fəal iştirakının əhəmiyyətini nümayiş etdirmək meydanı kimi baxmalıdır. Bu, o demək deyil ki, dərhal ciddi irəliləyiş olacaq. Xeyr, baş verənləri soyuqqanlı şəkildə təhlil etmək və nəticələrə şübhə ilə yanaşmaq üçün kifayət qədər əsas var. Amma ABŞ-ın fəal diplomatiyası olmadan tərəqqinin əldə ediləcəyinə ümid çox azdır”, məqalədə bildirilir. Daha sonra müəllif yazır ki, ABŞ administrasiyası ilk növbədə tərəfləri atəşkəsi qorumağa vadar etməlidir: “Bayden administrasiyanın atmalı olduğu ikinci addım humanitar işi və köçürülmə fəaliyyətini dəstəkləmək olmalıdır. Üçüncü addım regional iqtisadi inkişaf strategiyasının işlənib hazırlanmasını tələb edir. Gələcəkdə transsərhəd əməkdaşlığı təmin etmək üçün ən inandırıcı metod infrastrukturun inkişafı da daxil olmaqla, yeni regional iqtisadi strategiya müəyyənləşdirməkdir. ABŞ-ın maliyyə naziri Canet Yellen Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının illik sessiyalarında yüksək səviyyədə müzakirəyə çıxarılması üçün regiondakı vəziyyəti elə növbəti həftədəncə həm rəsmi, həm də qeyri-rəsmi formada sessiyaların gündəliyinə salmalıdır. Dördüncü addım diplomatiyanı gücləndirmək olmalıdır. Minsk Qrupunun amerikalı həmsədrinə səfir rütbəsi verilməlidir. Vaşinqton həmsədrləri ATƏT-in işçi qrupu ilə birlikdə müntəzəm görüşlər keçirməyə, bölgədə tərəqqiyə mane olan qüvvələrə  - bu qüvvələrin əməlləri mediada nadir hallarda işıqlandırılır - qarşı mübarizə strategiyası hazırlayıb reallaşdırmağa çağırmalıdır. Həm də Vaşinqton Moskva ilə danışıqlara başlamalıdır ki, 10 noyabrda imzalanmış atəşkəs bəyanatı BMT Təhlükəsizlik Şurasında ratifikasiya edilsin və Təhlükəsizlik Şurası qətnamə qəbul edərək yekun sülh razılaşması bağlanmasına çağırsın”.

İqtisadçı ekspert  Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibə və Rusiyanın vasitəçiliyi ilə bağlanmış 10 noyabr bəyannaməsi ABŞ-ın seçki və administrasiyasının dəyişdiyi dönəmə düşdü: “O zaman Qərb dövlətlərinin bir çoxu, o cümlədən ABŞ demək olar ki, özlərini bu prosesdən kənarda qalmış kimi hiss etməyə başladılar. Rusiyanın əsas moderator olması təbii ki, onları müəyyən dərəcədə qane etmir, proseslərdən kənarda qalmaqdan o qədər də məmnun deyillər. Amerikanın da əlində olan ən böyük vasitələrdən biri iqtisadi-sosial yardımlar, müxtəlif proqramlar, regional inkişaf strategiyaları ilə bağlı cəlbedici təkliflərlə bu məsələdə iştirakı onlar üçün kifayət qədər asan görünür. Çünki bu addımlarla məsələyə müdaxilə edə biləcəklərini düşünürlər. Bizim də istəyimiz odur. Əgər Azərbaycanın istəyi ilə ABŞ-ın təklifləri üst-üstə düşərsə, birgə əməkdaşlıq üçün kifayət qədər fon da yaranır. Çünki bizim də istəyimiz - Prezidentin də dəfələrlə açıqladığı kimi -  regional əməkdaşlığın genişləndirilməsidir. Kommunikasiyaların açılması, iqtisadi münasibətlərin bərpası, yeni iqtisadi fürsətlərin yaranması Azərbaycanın da strateji hədəflərinə daxildir. Əgər ABŞ-ın təklifləri bu yöndə olacaqsa və bu, regional əməkdaşlığın, iqtisadi münasibətlərin genişləndirilməsi, yeni kommunikasiya xətlərinin işə düşməsi, bunun nəticəsində həm vətəndaşlar, həm xalqlar, həm biznes çevrələri arasında əməkdaşlığın yaranması üzərində inşa ediləcəksə - təbii ki, Azərbaycanın maraqları çərçivəsində - Azərbaycan bu məsələdə birgə işləməlidir. Çünki obrazlı desək, bu məsələləri iqnor etmək, fikir verməmək, hansısa bir formada bəri başdan şübhə ilə yanaşmaq, məncə, doğru, strateji yol olmazdı. Ona görə də düşünürəm ki, ABŞ-ın açıqlayacağı yol xəritəsi, hər hansı bir formada əməkdaşlıq paradiqması çərçivəsində Azərbaycanın maraqları nəzərə alınmaqla, burada iştirak etmək olar”. Ekspert bildirdi ki, ABŞ-ın nə təklif etmək istədiyini təsəvvür edir: “Bu, çoxdankı müzakirə mövzusu idi. Qarabağın işğalda olması 20 ildən artıqdır mövcud olan bir ideyanın həyata keçirilməsinə maneçilik törədirdi. Ümumi Qafqaz bazarı, Cənubi Qafqaz ölkələrinin birgə iqtisadi fəaliyyəti ilə bağlı hətta 90-cı illərdə Amerikanın elmi jurnallarında, elmi-siyasi çevrələrində müzakirələr gedirdi. Əgər söhbət bundan gedirsə, Gürcüstan-Azərbaycan-Ermənistanın birgə hansısa regional layihələrindən, iqtisadi müstəvidə əməkdaşlığından gedirsə, Azərbaycan tərəfi öz maraqları çərçivəsində buna dəstək verə bilər. O halda birgə fəaliyyətlə məşğul olmağa fürsətlər yarana bilər. Çünki Azərbaycan, hətta Türkiyə tərəfi regionun 6 ölkəsinin əməkdaşlığı ilə bağlı müəyyən təkliflər səsləndirib. Burada Azərbaycan diplomatiyasının da incə ayarlarla yanaşmalı olduğu məsələ ABŞ-Rusiya münasibətlərinin korlanması, daha da qəlizləşməsi fonunda əməkdaşlığın hansısa bir formada qarşılıqlı dialoqun, münasibətlərin Rusiya tərəfdən qıcıqla və yaxud sərt qarşılanmamasıdır. Bunun üçün də Azərbaycan tərəfin əlində kifayət qədər imkanlar, fürsətlər var. Çünki Azərbaycanla Rusiya arasında da işgüzar dialoq davam edir. Yəni burada Rusiya tərəfinin də hansı məsələlərdə qıcıq olacağı aşağı-yuxarı bəllidir. Burada çox incə bir diplomatiya ilə, incə  bir yolla Qərblə anlaşmaq, ABŞ-ın təklif etdiyi müxtəlif proqramlar çərçivəsində fəaliyyət göstərmək mümkündür”.

Natiq Cəfərli 

N.Cəfərli də təsdiqləyir ki, Bakı-Vaşinqton arasında belə sağlam əməkdaşlıq qurularsa, o halda Rusiyanın prosesləri inhisara almaq cəhdlərinin də qarşısı alınmış olar: “Ermənistanda gedən proseslər göstərdi ki, Rusiya burada belə  təkbaşına oyun qura bilmir, bu da vacib elementlərdən biridir. Yəni cəmiyyətin yaş tərkibi, dünyagörüşü dəyişib, Qərbə meyllilik artıb, əsasən də gənc nəsildə. Yəni görünən odur ki, Rusiya zor gücünə, diktə yolu ilə hətta Ermənistanda belə öz istədiklərini tam yerinə yetirə bilmir. Bu onu deməyə əsas verir ki, Azərbaycan, Ermənistan və Gürcüstan öz maraqları çərçivəsində Rusiyanın burada təkbaşına söz sahibi olması perspektivlərindən narahat olmaya bilməz, yəqin ki, narahatdırlar. Azərbaycan tərəfi də narahatdır. Ona görə də bu inhisarı sındırmaq, inhisarın sərhədlərini daraltmaq üçün Qərblə, o cümlədən ABŞ-la əməkdaşlıq kifayət qədər effekt verə bilər”.

Nəzəri baxımdan sözügedən məqalədə əksini tapan 4 istiqamətin hamısı Azərbaycanın xeyrinədir. Sonuncu istiqamət - 10 noyabrda imzalanmış atəşkəs bəyanatının “BMT Təhlükəsizlik Şurasında ratifikasiya edilsin və Təhlükəsizlik Şurası qətnamə qəbul edərək yekun sülh razılaşması bağlanmasına çağırsın” təklifi də kifayət qədər cəlbedicidir. Bəs sənədlərin BMT-də ratifikasiyası bizə hansı üstünlükləri qazandıra bilər? Bu istiqamət Rusiyanın maraqlarına uyğundurmu, yoxsa sənədin icrasını öz nəzarətindən kənara buraxmaq istəməz?

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu barədə “Yeni Müsavat”a bildirdi ki, Qarabağ məsələsinin BMT-də müzakirəsi ilə bağlı yaxın tarixdə elə bir gedişat olmayıb: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də yerinə yetirilmədi. Düzdür, qətnamələr, digər sənədlər bizim xeyrimizə olub, amma icraya yönəldilməyib. Ona görə də mən böyük enerji sərfiyyatı hesabına atəşkəs sazişlərinin BMT müzakirəsinə çıxarılmasının o qədər də uğurlu nəticə verəcəyini düşünmürəm. Üstəgəl, müxtəlif yanaşmalar ola, əngəllər yaradıla bilər. Həmçinin ”əsir"lər mövzusunun hansısa dövlət tərəfindən gündəmə atılması mümkündür. Bu isə bizim maraqlarımıza ziddir. Biz deyirik ki, bizdə əsirlər yoxdur. Ona görə də bu məsələnin təcili şəkildə BMT müstəvisinə çıxarılması uğurlu nəticə verməyəcək". E.Şahinoğlu xatırlatdı ki, ABŞ-da ermənipərəst mövqelərin daha güclü olduğunu unutmamalıyıq: “ABŞ da BMT-də əsas səslərdən birinə malikdir. Əlbəttə, gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh sazişinə ehtiyac olacaq, amma buna hələ çox var. Hələ 10 noyabr və 11 yanvar bəyanatları yerinə yetirilməlidir, bunun üçün də Rusiyanın Ermənistana təsir imkanları var. Başqa dövlətlər oyunçu kimi ortaya çıxsalar, məncə, proses ləngiyə də bilər. Ona görə də mən bu məsələdə tələskənliyə yol verilməsinin tərəfdarı deyiləm”.

Göründüyü kimi, amerikan yazarın bəlkə də “nəbz yoxlanışı” sayıla biləcək məqaləsində əksini tapan müddəaların - yol xəritəsinin gerçəkləşməsi elə də asan görünmür. Ağ Ev böyük sülh sazişinin imzalanması üçün təşəbbüslə çıxış edə bilərdi. Ancaq çətin ki, Rusiya bu şansı əldən versin. Əgər Putin dəhşətli müharibəni dayandırmaqla özünə “xallar” toplayıbsa, indi niyə proseslərin davamında “ofsayd”da dayansın? Deməli, Bakı ilə İrəvanı bir araya gətirmək üçün Vaşinqton və Moskva birgə hərəkət etməlidir. Ancaq bu gün Bayden administrasiyasının ABŞ-ın düşməni sayılan Rusiyanın olduğu məkanda-Qarabağda sağlam əməkdaşlıq müstəvisində hərəkət etməsi inandırıcı görünmür. Bəlkə də əvvəlki administrasiya dönəmində bu, mümkün görünərdi, amma “soyuq müharibə”nin kəskin fazaya adladığı dövrdə çətin ki, onları Qarabağ mövzusu barışdırsın... Üstəlik, Rusiya da Türkiyədən sonra ikinci NATO dövlətinin Qafqazlarda mövcudluğuna asanlıqla razılıq verməz.

12 aprel

17:40 - İrəvanı verdik Ermənistana, ingilis generallar burada meydan sulayırdı”14:33 - Həbs edilən generalla bağlı tükürpədici açıqlama: - "İşgəncə verdiyi adam öldü"13:34 - "Bu işin başında da Putin durub" - "Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar və..." 12:58 - Xocalı sakinləri doğma yurda qayıdır? - Qarabağdan sensasiyalı xəbər 12:15 - İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi10:58 - "Respublika" qəzetinə yeni baş redaktor təyin edildi - FOTO10:51 - Onlar yenə separatçıların yanında peyda oldu... - Qan iyinə gediblər? 09:52 - Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib - Saxlanılanlar var09:44 - Putin ordunu sərhəddə niyə yığır? - Alman nəşri şərh edir...09:37 - Rusiyanın ölü sükutu: "İsgəndər"in pultu kimin əlində olub?00:07 - "Ukraynanın fəaliyyəti Rusiya üçün potensial təhlükəlidir" - Peskov

11 aprel

22:12 - Azərbaycanlı səfir 250 min manata maşın aldı - FOTOLAR 22:10 - Ermənistanda rus generalın qızının meyiti tapıldı22:07 - Xankəndidə mənzillərin qiyməti ucuzlaşdı - YENİ QİYMƏTLƏR11:44 - Ərdoğan-Zelenski görüşünün nəticələri - 20 MADDƏ00:14 - Erməni məmur general Rüstəm Muradovu təhqir etdi - FOTO00:09 - Ermənilər qaçqınların Qarabağa qayıtmasının qarşısını necə alır? - Səfir şərh edir...00:06 - Türkiyə üçün çətin seçim: Rusiya, yoxsa ABŞ?00:01 - Lavrovu kimin əvəz edəcəyi bilindi - Putin komandasında nə baş verir?

10 aprel

23:06 - Azərbaycan snayperi erməni zabitini belə məhv etdi - VİDEO 21:59 - Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi 19:02 - "Müharibə Rusiya üçün ağır nəticələrə səbəb olacaq:.." - "Ukrayna ilə Rusiya arasındakı müharibənin nəzarətdən çıxması riski var"18:26 - Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir? - "Bu, məni çox qəzəbləndirir"16:58 - Kim Çen In təhsil nazirini edam etdirdi 16:20 - Erməni deputat Naira Zöhrabyan: - "Mən Polad Həşimov küçəsində yaşayıram" 15:10 - "Həqiqətlərin çatdırılmasında Türkiyə mediası bizimlə birgə oldu" - Prezidentin köməkçisi 14:33 - Ukrayna ABŞ-dan 100 F-15 alsın, yoxsa Azərbaycanın taktikasından istifadə etsin?14:30 - Fuad Mayılov "fenomeni", YPX-dən günlük tələblər - BDYP-dən açıqlama verdi - YENİLƏNİB 13:47 - Neftçala ekoloji fəlakət astanasında - Xəzər dənizinin suyu Kür çayında 40 kilometr irəlilədi13:26 - Rusiya-Türkiyə münasibətlərinin Qərbə təsirləri - "Qarabağ münaqişəsində onlar fərqli tərəflərə dəstək olsalar da..."