Vahid Əhmədov “Dördbucaq” layihəsində: “Deputatların 50-60 faizinin Qubada villası var” — FOTOLAR

19 may, 2022 10:52

Vahid Əhmədov: “Spirtli içki içən xanım deputatlarımız var...”

Jurnalistlər Samir Feyruzov, Vasif Həsənli və İlkin Pirəlinin birgə “Dördbucaq” müsahibə-layihəsinə start verilib. İlk müsahib millət vəkili Vahid Əhmədovdur.
 
HAŞİYƏ: Vahid Əhmədov parlamentin “ağır daş”larındandır. O, bütün prezidentlərin dövründə mandat və vəzifə daşımış, cəmiyyətin təhtəlşüuruna “yaxşı deputat” “bronjilet”i ilə oturuşmuş şəxsdir. Vahid müəllimdən müsahibə  almaq da çətin iş deyil, istənilən jurnalistin zənginə açıq və sərbəst adamdır. Media əhlinin ona olan müsbət münasibətinin altyapısında da əbəs nəsnələr dayanmır. Bircə təəssüf edilən məqam var, əlahiddə ironik və utopik yanaşmadır: Vahid müəllimin ofisi Şeyx Allahşükür Paşazadənin iqamətgahının yaxınlığında yerləşir. Ofisə daxil olduq, Vahid müəllimin ofis işçilərinin gərgin və təəccüblü baxışları diqqətimizdən yayınmadı, hamısı kiçik, amma səliqəli mətbəxə yığışmışdı. Kəsəsi, hələ “priyomnu”da gözləyirdik, istəmədən telefon danışıqlarını da eşitmiş olduq. Vahid müəllimlə kiminlə danışsa, yaxşıdır!? Maliyyə naziri Samir Şərifovla! Ərkyana və ağır danışıq tərzi iki şəxs arasında yaxın münasibətlərinin olduğunu göstərirdi. Telefon danışıqları bitdi və Vahid müəllimin otağına daxil olduq. Onunla Sabir Rüstəmxanlını birləşdirən ortaq cəhətlər də var: məsələn, heç biri qəbula gələn jurnalistə çay sifariş vermir. Ta ki..., jurnalist özü istəməyənə qədər... Vahid müəllimin nazirlə danışdığını eşitdiyimizə görə elə ilk sualı da belə ünvanladıq:
 
- Sual: Yeni nazirlərdən kimlərlə münasibətiniz var?

- Vahid Əhmədov: Hamı ilə. Məsələn, Mikayıl Cabbarov, Ceyhun Bayramov, Sahil Babayev... Elə nazirlər var ki, onların ataları ilə də birlikdə işləmişəm, onlarla münasibətim olub. Mənə tez-tez bu mövzuda sual verirlər. Deyirlər, təzə nazirlər telefonlara cavab vermirlər. Açığı, məndə elə hadisə olmayıb. Mən özüm həmişə telefon zənglərinə cavab vermişəm, müəyyən məsələlər var, həll edirəm. Lazımdısa, görüşürəm. Görüşüm çox az olur. Amma telefon zənglərinə hər zaman cavab verirəm, kömək edirəm. Məsələyə baxır da, elə məsələ olur ki, mən bilirəm ki, onu həll etmək qeyri-mümkündür. Amma camaat tələb edir. Onda da araşdırmalar gedir. Belə ciddi problemim yoxdur bu mövzuda. Amma təzə nazirlərdən mənim əsas narazılığım nə olur? Bunlar gələn kimi çox ciddi kadr dəyişiklikləri edirlər. Köhnə kadrları çıxarırlar, təzə kadrları gətirirlər. Ad çəkmək istəmirəm, bir-ikisinin özünə də demişəm. Demişəm ki, köhnə kadrlara dəyməyin. Onlar təcrübəli adamlardır. 



- Sual: Bəzi həmkarlarınızdan şikayətlənirlər ki, telefonlara cavab vermirlər. 

- Vahid Əhmədov: Cəmiyyətdə kimin necə mövqeyi var, hamısı ondan asılıdır. Cəmiyyətdəki mövqedən çox şey asılıdır. Əhali ilə təmas qurmaqdan, əhalinin problemlərini dinləməkdən. Mən Azərbaycanın elə regionu yoxdur ki, oradan şikayət almayım. Mən bütün regionlardan şikayət məktubları almışam. Mən həmişə vəzifədə olmuşam, insanlarla ünsiyyətdə olmuşam. 

- Sual: Sizin tənqidi çıxışlarınıza görə mətbuatda sizi tənqid edirlər. Yadınızdadırsa, yağın qiyməti ilə bağlı... Vaxtilə Samir Şərifovu da tənqid etmişdiniz. 

- Vahid Əhmədov: Elə səndən əvvəl onunla danışırdım mən. 

- Sual: Deməli, sonradan dostlaşmısınız? 

- Vahid Əhmədov: Yox, dost-düşmən, hamımız azərbaycanlıyıq. Hərənin öz mövqeyi var da. Mən mövqeyimi satan deyiləm, kiməsə verən deyiləm. Bu, mənim mövqeyimdir. Mən belə anlayıram, belə başa düşürəm. Mən dövlət adamıyam. Mən həmişə dövlət adamı olmuşam. 



- Sual: Sizin oğlunuz hüquqşünasdır, yaxşı vəzifədə işləyir. Milli Məclisdə deputatlar var ki, onların övladları da yüksək vəzifələrdə çalışır. Amma onları tənqid edirlər, sizi yox...

- Vahid Əhmədov: Əgər oğlumdan bir dənə şikayət olsa, mən bir gün də onu orada qoymaram qalsın. Özü də bilir. Mənim 75 yaşım var, mən millət üçün işləmişəm. Özüm də acından ölməmişəm. Mən 3-4 zavoda rəhbərlik etmişəm, fəhlələrlə işləmişəm. Həmişə haqqın, kasıbın tərəfində olan adam olmuşam. İndi də eləyəm. Gedin Quba-Xaçmaz bölgəsindən soruşun, tez-tez gedib-gəlirəm ora. Mən hər ay qəbul günü edirəm. Hər qəbulda 100-dən artıq adam olur. Qubadan da gəlir, Xaçmazdan da, Siyəzəndən də, Şabrandan da. Mən hamısını qəbul edirəm, heç soruşmuram haradansan. 

- Sual: Vahid müəllim, belə söhbətlər var idi ki, Quba hadisələri vaxtında Ramiz Mehdiyev sizin dövlət əhəmiyyətli işlərinizi pozmağa çalışıb. 



- Vahid Əhmədov: Quba hadisələri olmamışdan 3 ay əvvəl mən demişdim ki, belə hadisələr olacaq. Bircə cənab Prezidentə deməmişdim. Qalan hər kəs bilirdi ki, belə şey olacaq. Amma heç kim onun qarşısını almağa çalışmırdı. Hadisə olanda mənə göstəriş gəldi ki, ora gedim. Çox əziyyət çəkdim orada. 

- Sual: Bəs niyə qarşısını almadınız, əvvəlcədən bilirdiniz..

- Vahid Əhmədov: Bilmirəm...

- Sual: Yəqin buna zəmin yaradan məmurlar var idi...

- Vahid Əhmədov: Bilmirəm. Amma mən bilirdim ki, orada kənar qüvvələr var. Çünki birdən-birə o boyda hadisə olmamalı idi, kiçik bir hadisə ola bilərdi. Biz o hadisəni yatırmasaydıq, böyüyə bilərdi. 

- Sual: Adətən, belə hadisələrdə “5-ci kolon”un rolu vurğulanır. 



- Vahid Əhmədov: 5-ci kolonun rolu bütün hadisələrdə var. Guya indi yoxdu? İndi də var. 

- Sual: “5-ci kolon”un varlığına və bu qədər güclü olduğuna nə qədər inanırsınız?

- Vahid Əhmədov: Şübhə edirsiniz? “5-ci kolon” 5 il, 10 il sonra sıradan çıxacaq. 

- Sual: “FETÖ” ilə bağlı nə düşünürsünüz?

- Vahid Əhmədov: Azərbaycanda “FETO”çular var, bunu hamı bilir. 

- Sual: Belə iddia edənlər də var ki, onların da içərisində elələri var ki, hazırda vəzifələrə təyin olunurlar.

- Vahid Əhmədov: Vəzifələrə təyin olunmaqları barədə heçnə deyə bilmərəm. 

- Sual: Türkiyə ilə Azərbaycan arasında ciddi bir istiləşmə mövcuddur. Məntiqlə baxanda, “FETÖ” Azərbaycanda güclənməməlidir, əksinə tamamilə məhv olmalıdır. Bəs nə baş verir ki, onlar burada güclənirlər?

- Vahid Əhmədov: Sizdəki məlumatlar səhvdir. Mən deyə bilmərəm ki, güclənir. Əvvəl güclü idilər, hakimiyyətdə də var idilər.



- Sual: Elə şəxslər var ki, onlar vaxtilə vəzifədə işləyəndə “FETÖ”çu olduqlarını yazırdılar. Sonradan vəzifədən də çıxarıldılar. Üstündən xeyli vaxt keçib, indi daha da gücləniblər. Hətta vəzifələrə kadr təyinatları ilə bağlı təkliflər irəli sürürlər.

- Vahid Əhmədov: İnanmıram. 

- Sual: Prezidentin sabiq köməkçisi Əli Həsənovun da “FETÖ”çu olduğunu deyirlər... 

- Vahid Əhmədov: Bunu mən də eşitmişdim. Amma indi vəzifəyə təyin edən bir nəfərdir - o da cənab Prezident! Sən elə bilmə ki, kim nə istəyir, edir. Elə şey yoxdur. İndiki cavanlar əvvəlki cavanlar deyil. Cavanlar çox dəyişib. 

- Sual: Azərbaycanda Rusiyayönümlü qüvvələr də kifayət qədərdir. Elə Rusiya meylli partiyalar da az deyil. 

- Vahid Əhmədov: Bəli, partiya sədrləri də var. 

- Sual: Biz Rusiya ilə rəsmi müttəfiqik. İndiki halda, Rusiyanı müdafiə etmək, necə nəticələrə səbəb ola bilər? Prosesin sonrasında... Rusiyayönümlü qüvvələrin addımlarına plüralizm kimi baxmaq lazımdır, yoxsa...?



- Vahid Əhmədov: Xeyr, mən o fikirlərlə razı deyiləm. Ölkənin özünün müstəqil siyasəti var. Bu siyasəti qoruyub saxlamaq lazımdır. Rusiya tarix boyu Azərbaycanın əleyhinə olub. Ona görə Rusiyameyilli adamı mən qəbul etmirəm. Lap bir məclisdə də. Bizim öz milli maraqlarımız var və hər kəs də o maraqlara xidmət etməlidir. 

- Sual: Türkiyə ilə konfederasiya məsələsinə necə baxırsınız? Çünki iki ölkənin konfederasiya şəklində birləşməsini düşünənlər də var. 

- Vahid Əhmədov: Mən tərəfdarı deyiləm. 

- Sual: Sizcə, Bakıda Nuru Paşanın heykəlinin ucaldılmasına kim mane olur?

- Vahid Əhmədov: Hələki Rusiyanın təzyiqi var. Ukrayna məsələləri baş verməsəydi, Azərbaycanda nələrsə baş verə bilərdi. İlham Əliyev çox ağıllı siyasət aparır. İndi Ukraynada müharibə gedir, bütün dünya ona dəstəkdir, bəs müharibə aparanda bizi kim müdafiə elədi? Bizə silah verən oldumu? Biz 20 Yanvar hadisələrini görmüşük, Xocalını görmüşük. Rusiya ilə ehtiyatla davranmaq lazımdır.

- Sual: Biz Rusiyadan qopmalıyıq. Amma yerləşdiyimiz coğrafiya da elədir ki, sanki Rusiya Cənubi Qafqazın taleyidir. Rusiyadan necə qopa bilərik?

- Vahid Əhmədov: Söhbət qopmaqda deyil. Biz Rusiyadan qopmaq istəmirik, istəyirik ki, o işğalçılıq siyasətindən əl çəksin. Bizimlə işi olmasın. Biz müstəqil dövlətik, öz siyasətimiz, öz konstitusiyamız var. Ona uyğun da hərəkət edirik. İstəyirəm ki, Rusiya daxili məsələlərimizə qarışmasın. Humanitar, siyasi, iqtisadi əlaqələr olsun, amma işğalçı siyasəti olmasın. Rusiya bu gedişlə elə vəziyyətə salacaqlar ki, ya parçalanacaq, ya da ya da çəkilib öz işi ilə məşğul olacaq. 

- Sual: Siz bunlara inanırsınız?

- Vahid Əhmədov: Yüz faiz! Şübhəniz olmasın. Proses ona doğru gedir. Dünya dövlətləri hər biri Ukraynanı müdafiə edir. Ukraynaya elə silahlar verirlər ki, o, silahlardan dünyada ya bir, ya iki dövlətdə var. Ukraynaya olan köməyin 5 faizi Azərbaycana olsaydı, 44 günlük müharibə 3 gün çəkərdi. 

- Sual: Milli Məclisdə xətrini ən çox istədiyiniz deputat kimdir?

- Vahid Əhmədov: Əli Mənsimli.
 
- Sual: Vahid müəllim, Qubaya gedəndə, yolların necə bərbad vəziyyətdə olduğunu görürsünüz. Bəllidir ki, yolun çəkilişində xeyli yeyinti olub. Ziya Məmmədovun zamanında çəkilmişdi.



- Vahid Əhmədov: Təkcə Ziya Məmmədov deyil, “Akkord” şirkəti çəkmişdi o yolu.

- Sual: Sizin sosial müavinətlərlə bağlı bəzi çıxışlarınız sosial şəbəkələrdə səs-küyə səbəb olmuşdu. Bəzən də belə irad bildirirlər ki, bu çıxışlar pafosa köklənib. 

- Vahid Əhmədov: Axrıncı iclasda mən təklif etdim, dedim ki, sosial sahələrdə problemlər çoxdur. Sədrdən xahiş etdim ki, ya sizin, ya da sədrin birinci müavininin rəhbərliyi altında biz, İqtisadi siyasət komitəsi, Sosial siyasət komitəsi – 15 nəfər  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yığışaq, bəzi məsələlərə baxaq. Hansı ki, biz o məsələləri həll edə bilmirik. Bizim öz arqumentlərimiz var, onların da öz arqumentləri. İndi deyirsiniz ki, mən pafosla danışıram. Kimə lazımdır ki pafos?! Mənə pafos lazımdır?! Mənim pafosla danışan vaxtımdır?! 

- Sual: Azərbaycanda jurnalistlər heç vaxt Vahid Əhmədova müxalifətlə bağlı sual vermirlər. Mən özüm 2 il əvvəl vermişəm, Vahid müəllim çox ustalıqla o sualımdan yayınmışdı. İndi sizə belə bir sual verim: Azərbaycan müxalifətində ən ciddi partiya sədri kimi qəbul etdiyiniz şəxs kimdir?

- Vahid Əhmədov: Ən ciddi qəbul etdiyim İsa Qəmbər idi. Mən indi də onu qəbul edirəm. Faktiki olaraq, onu müxalifətin lideri hesab edirəm. Həm təcrübəlidir, həm ağsaqqal kimi sözünün yerini bilir. Dövlət əleyhinə çıxışlar etmir, amma təkliflərini verir, siyasətini aparır. Yəni ağıllı adamdır. Əsl partiya lideri o idi. 

- Sual: Siz fikirlərinizi belə açıq ifadə edirsiniz, amma parlamentdə elə gənclər var ki, danışmağa qorxurlar, çəkinirlər...



- Vahid Əhmədov: Cavandılar, onlar da yetişəcəklər. Bir nəfər var, yaşlı adamdır. Ad çəkməyəcəm. O da parlamentə düşüb. Dedim ki, sənin heç nəyə ehtiyacın yoxdur. Pulun var, kifayət qədər maaş alırsan, sən düzünü danış da, olanı de də. Niyə yaltaqlıq edirsən? Ehtiyac var yaltaqlığa? Bilirsən mənə nə dedi? Dedi, ə, mən güclə düşmüşəm e bura! Dedim daha sənə sözüm yoxdur!

- Sual: Bir dəfə parlamentdə Hadi Rəcəbliyə də belə demişdiniz - “Düzünü danışın..”. Elman Nəsirov yaxşı pedaqoqdur, amma dedikləri cəmiyyətdə qıcıq yaradır, hamı söyür... Sanki politoloq və deputat kimi özünü doğrulda bilmədi. 

- Vahid Əhmədov: Bir savadlı mütəxəssis var, gəlib düşüb Milli Məclisə... Dedim sənin ağlın yoxdur, burada nə işin var?! Ayda 10-15 min pul qazanırsan, get ixtisasınla məşğul ol, millətə xeyir ver də. Düz demirəm? Belə adamlar var.
 
- Sual: Vahid müəllim, yanınıza gələn olanda çaya qonaq etmirsiniz?

- Vahid Əhmədov: Edirəm...

- Sual: Bəs bizə niyə çay sifariş etmədiniz?



- Vahid Əhmədov: (Gülür...) Qoy deyim gətirsinlər. Mən heç vaxt jurnalistdən çəkinməmişəm. Nə sual versələr, açıq cavab vermişəm. Nə problem var ki? O da azərbaycanlıdır, mən də. Fikir ayrılıqları ola bilər, amma ölkənin müstəqilliyində, dövlətçilikdə hamımız eyni fikirdə olmalıyıq. Həmişə də hörmətimi saxlayırlar. cənab Prezident də hörmətimi saxlayır həmişə. Bilirlər ki, nə var onu deyirəm, yalan demirəm ki. 

- Sual: Qubaya hansı məmurların villaları var? Əhalini ən çox narahat edən məsələ budur, məmurlar gəlib torpağı zəbt edir, özünə villa tikir. 

- Vahid Əhmədov: 2005-ci ildə mən deputat seçiləndə mənim rəqibim Yusif Qədimbəyli idi. Çox “vuruşduq”. Onu göndərmişdilər ki, get, sən seçiləcəksən. Orada mən görüşəndə camaata dedim ki, torpağınızı satmayın. Acından öləsi deyilsiniz, dolacanaqsınız bir təhər. Amma torpağınızı satsanız, sabah axtaracaqsınız, tapa bilməyəcəksiniz. Amma camaat satdı torpağını. Özü də ucuz qiymətə. İndi bahadı, torpaq yoxdur daha orda. Hamısı satılıb, alınıb. Camaatın günahı çox oldu bu işdə. Qulaq asmadılar, torpağı qoruyub saxlaya bilmədilər. Villaları da deyim də sizə... Qubada 50-60 faiz deputatın villası var. Təzə məmurlardan deyə bilmərəm. Təzələr çox ehtiyatlıdırlar. Birincisi, öz karyeralarını düşünürlər. Vergilər sahəsində baş verənlər yadınızdadır? Aylıq plan istəyirdilər,  500 min- bir milyon. İndi elə şeylər yoxdur. 

- Sual: Vahid müəllim, sizcə, əvvəllər vəzifəyə təyinatda qohumluq, yaxınlıq prinsipləri əsas götürülürdü, yoxsa belə hallar indi daha çoxdur?

- Vahid Əhmədov: Əvvəllər də var idi, indi də. İndi daha çoxdur. Məmur çalışmalıdır ki, yan-yörəsində qohumları olmasın. 

- Sual: Özünüz dediniz ki, sizə müxtəlif rayonlardan müraciətlər gəlir. Bəs o rayonların deputatları hara baxır?

- Vahid Əmədov: Bunu onlardan soruşsanız, daha yaxşı olar. Mənə məktublar gəlir, ya da yanıma gəlirlər. Həftədə ən azı 2-3 rayondan adam gəlir. Onları “qəbul etmirəm” demək düzgün deyil axı. Yaxşı deputatlar da var. Bizim komitədə Anar Məmmədov var. Mənim çox xoşum gəlir ondan. Fikir verirəm ki, o həmişə gedir rayonda camaatla görüşür. 



- Sual: Anar Məmmədov varlı ailənin üzvüdür, qayınatası da hədsiz dərəcədə varlıdır. Pulu çoxdur, özünü reklam eləməyi də bacarır. 

- Vahid Əhmədov: Pulu olanların hamısı elə etsin də. Bəzi məmurlar var ki, öz səviyyələrini göstərmək üçün, guya bu rus dilini bilir, rus dilində danışır, mən belələrinə nifrət edirəm. Azərbaycan dilində danışmağı özlərinə sığışdırmırlar. Azərbaycanda elitar sistem deyirlər eee, çoxusu elə kənddən gələnlərdir. Savadlıların əksəriyyəti kəndlərdən gələnlərdir. Amma sən Azərbaycan dilini bilə-bilə niyə rus dilində niyə danışmalısan? Ana dilindi bu sənin... 

- Sual: Rus dilində məktəbləri dövlət də dəstəkləyir... 

- Vahid Əhmədov: Bunlar siyasətdir. Hamısı gəlib yerini tutacaq. Mən çıxışımda demişəm ki, rus dilində məktəb istəyirsinizsə, açın özəl məktəblər. Dövlət vəsait verməsin. Özəl məktəb açsın, rus dilində işləsin. Etirazımız yoxdur. Niyə dövlət vəsait ayırmalıdır? Türk dilində məktəblər var, biz onlara vəsait ayırırıq? Özəl məktəblərdi, işləyirlər.

- Sual: Sahibə Qafarova ilə işləmək daha asandır, yoxsa Oqtay müəllimlə?

- Vahid Əhmədov: Oqtay müəllim təcrübəlidir, o, istehsalatdan gəlmişdi. Amma Sahibə Qafarova sözü qəti adamdır. Hər sözü qəbul edən adam deyil. Mən onunla bir dəfə səfərdə oldum. Onun dialoq aparmağını gördüm, Azərbaycanın mövqeyini açıq-aydın bildirirdi. 

- Sual: 2024-cü ildə sülhməramlıların missiyası başa çatır. Bununla bağlı iki sual var. Rusiya sülhməramlıları 2024-cü ildə burdan çıxacaqmı? Və ya sualı belə qoyaq, biz hansı addımları atmalıyıq ki, 2024-cü ildə sülhməramlılar buranı tərk etsin? 

- Vahid Əhmədov: Mən sizə deyim, ümumiyyətlə, Qarabağ məsələsində son vaxtlar ciddi dönüş var. Niyə birdən-birə vəziyyət Moskvadan Brüsselə döndü? Bu elə-belə məsələ deyil. Bu məsələlər arasında ABŞ da var, Avropa dövlətləri də var, Rusiya da var. O cümlədən, Türkiyə də var. Brüsseldə faktiki olaraq Paşinyana beş iddia irəli sürülmüşdü, beşini də qəbul etmişdilər. Amma sonra gəldi Rusiya orada qurdalanmağa, öz adamlarını gətirməyə. Rusiyanın da, Avropanın da maraqları var. Onlar heç vaxt istəməz ki, orada müəyyən müddət sakitlik olsun. Türkiyə də güclü dövlətdir, bizim arxamızda dayanıb. O sənədə baxmısınız, həmin sənəddə heç kim təhrik, təhdid yarada bilməz. Yaratsa, Türkiyəni görər qarşısında. Ona görə də Rusiya sülhməramlılarına ehtiyac yoxdur. Ermənistan normal dövlət olsaydı, biz birbaşa onlarla danışıb məsələni yoluna qoyacaqdıq. Mən inanmıram ki, sülhməramlılar 2024-cü ilə qədər orada qalsınlar, onlar tez çıxacaqlar. Gedən  proseslər onu göstərir. Hər şey asılıdır Rusiya-Ukrayna müharibəsindən... Bu müharibə nə zaman və necə başa çatacaq? Əgər Ukrayna burada qalib gəlsə, hərçənd ki, mən qalib gələcəyinə inanıram. Hansı şərtlər altında qalib gələcəklər, onu deyə bilmərəm, amma inanıram. Bilirəm ki, onlar qalib gələndən sonra vəziyyət bizim xeyrimizə dəyişəcək. Onda burada sülhməramlılara ehtiyac qalmayacaq. 



- Sual: Bizim televiziyaların vəziyyətinə münasibətiniz necədir?

- Vahid Əhmədov: Çox pis. Ölkədə normal televiziya yoxdur. Bütün günü konsert, müğənni, nə bilim nə. Mən bir neçə dəfə demişəm, hətta televiziyanın özünə də zəng edib demişəm. İctimai Televiziyada İsmayıl müəllim var idi, Ömərov. Pis-yaxşı o qurdu o televiziyanı, əziyyət çəkdi. Qurdu-yaratdı, açıq diskussiyalar gedirdi, canlı yayımlar olurdu birbaşa. Orada canlı yayımda olmuşuq, Azərbaycanın regionlarından, fermerlərindən danışmışıq. Milli Məclis danışmaq üçündü, mən insanların mövqeyini Milli Məclisdə bildirməliyəm də. Gərək xalqın səsini o məclisə gətirəsən. Bu barədə də həmişə öz qəti fikrimi bildirmişəm. 

- Sual: Meyxanaçı Rəşad Dağlı meyxanalarının birində Xomeynini təhqir edib. Sonra narazılıqlar olub deyə, üzr istəyib. Bu barədə nə deyə bilərsiniz?

- Vahid Əhmədov: Ölkədə İranmeyilli də var, Rusiyameyilli də var. Bunu hamı bilir. Bunların hardan qidalandığını hər kəs bilir. 

- Sual: Biznesiniz varmı?

- Vahid Əhmədov: Xeyr.

Sual: Bəs elə bir varlı adam olub ki, sizdən xahiş etsin ki, mənim sözümü yuxarıda filankəsə deyin.

-Vahid Əhmədov: Olmayıb elə şey. Mənim dostlarım çoxdur. Qardaşlarım var, işləyirlər. Qohumlarım var, onlar da işləyirlər. 

- Sual: Bütün prezidentlərin dövründə necə deputat olmaq olar?

- Vahid Əhmədov: Kimi deyirsiz?

- Sual: Məsələn, sizi...

- Vahid Əhmədov: Yox, mən olmamışam. Mən o illərdə olmamışam. Mən 2005-ci ildə gəldim. 90-da seçilmişdim, onda zavodun direktoru idim, həm də büro üzvü idim, çox ağır vaxtlar idi o vaxtlar. Amma insanı Allah qoruyanda qoruyur. Hə, deputatlar var, 90-cı illərdən deputatdılar. 

- Sual: Siz cəbhə dövründə vəzifədə olmusunuz. Baş nazirin birinci müavini olmusunuz. Mərhum Heydər Əliyevlə də münasibətləriniz çox yaxşı olub. Cənab Prezidentlə də münasibətləriniz çox yaxşıdı. Məsələn, bəs Hacı Madər kimi 40 ildir mandat daşıyan şəxsləri qoruyan kimlərdir?

- Vahid Əhmədov: Deyə bilmərəm. Hacı Madər özü pis adam deyil. Özü də Hacı Madərin millətə xeyri çoxdur. On dənə elə deputat olsa, yaxşı olar. 

- Sual: Deyirlər ki, neft gəlirləri ölkəyə daxil olmamışdan əvvəl deputatların maaşını da Hacı Madər verirmiş. Buna inanırsınız?

- Vahid Əhmədov: Yalan söhbətdir. Mən 2005-dən gəlmişəm, elə şey görməmişəm. Amma o, çox adama kömək edib, özü də Binəqədi rayonu, Bakı kəndlərində çox böyük nüfuz sahibdir. Mənim də dostumdur. 



- Sual: Gündə nə qədər pul xərcləyirsiniz?

- Vahid Əhmədov: Mənim böyük xərcim yoxdur. Mənəm, bir də yoldaşımdır. Naharı burada edirəm, içki içmirəm, siqaret çəkmirəm. 

- Sual: İndi cibinizdə nə qədər pul var?

- Vahid Əhmədov: Qoy çıxarım göstərim (əlini cibinə salıb çıxarır və pulu sayır). 400 manata qədər. Hara xərcləyəcəm ki pulu?! Bircə Qubaya gedəndə benzinə pul verirəm. 

- Sual: Neçə övladınız var?

- Vahid Əhmədov: Bir oğlum, bir qızım var. Hər ikisi ailəlidir. Beş nəvəm var. Balaca nəvəmin 3 yaşı var, böyük nəvəmin 16 yaşı. Bu il universitetə qəbul olub xaricə gedəcək oxumağa. 

- Sual: Heç dinlədiyiniz müğənni varmı?

- Vahid Əhmədov: Flora Kərimova

- Sual: Başqa?

- Vahid Əhmədov: Başqa heç kim. Flora Kərimova, özünə də şəxsən böyük hörmətim var. 

- Sual: Növbəti dəfə parlament seçkilərində namizədlik irəli sürmək istəyirsiniz?

- Vahid Əhmədov: Baxacam da. Camaat istəyir. Baxacam sağlamlığıma, vəziyyətimə. Zəmanə dəyişib, hörmət-izzət qalmayıb. Biz ailədə 9 uşaq olmuşuq. Atam mühasib işləyirdi. Biz də Bakıya gəlib oxumaq istəyirdik. Onun bir dostu var idi burada. Ona bir kağız göndərdi ki, oğlumu oxumağa göndərmişəm. Belə kişilər var idi. İndi elə kişilərdən çox az qalıb. İndi salam verəndə, əlinə baxırlar ki, görüm əlinin içində nə var?

- Jurnalistlər: Bizə zaman ayırdığınıza görə sizə təşəkkür edirik...

- Vahid Əhmədov: Siz də sağ olun...



Sualları ünvanladı: Vasif Həsənli, Samir Feyruzov, İlkin Pirəli.
Azsiyaset.com

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı